“Global Virtual Hackathon” müsabiqəsi keçirildi və qalibləri məlum oldu

 Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək, eləcə də “Evdə qal” devizinə dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 10-12 aprel tarixlərində “Global Virtual Hackathon” müsabiqəsi keçirilmişdir.

Müsabiqəyə beynəlxalq səviyyədə böyük maraq oyanmışdır. Belə ki, iştirak üçün “www.hackcov19.com” saytında 5 qitə üzrə 45 ölkədən 600-dən müraciət qeydə alınmışdır. Komandalar “Discord” platforması vasitəsilə sullarını verərək, müzakirələr aparmış və mentorların dəstəyindən faydalanmışlar. Komandaların təqdimatları bitdikdən sonra “Global Virtual Hackathon” müsabiqəsinin qalibləri elan olunmuşdur.
Ümumilikdə 25 ideya müsabiqədə iştirak hüququ qazanmışdır. Müsabiqəyə olan xüsusi marağı və mövzunun aktuallığını nəzərə alaraq, müxtəlif ölkələrdən qatılmış bütün komandalar və onların təklif etdiyi həllər barədə məlumatı bölüşürük.

Komanda - 1 “DF19” (Braziliya) Braziliya Federal Dairəsində koronavirusa yoluxma hallarını göstərən və insanları potensial risk zonalarından uzaq tutmaq üçün istifadə olunacaq interaktiv xəritə tərtib edilmişdir.

Komanda - 2 “CoughFree” (Norveç) dərin neyron şəbəkələrinin istifadəsi ilə öskürəyin aşkarlanması vasitəsi üzərində çalışmışdır.

Komanda - 3 “Zebrafish” (Braziliya) zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq hazırlamışdır.

Komanda - 4 “Immunitourism” (Pakistan) pandemiya sonrası turizm sənayesi üçün yeni konsepsiya hazırlamağa yönəlmişdir.

Komanda - 5 “Healthcare” (Ukrayna) səhiyyə institutlarını ictimaiyyətlə əlaqələndirəcək rəqəmsal platforma qurmaq üzərində işləmişdir.

Komanda - 6 “Javid-19” (Azərbaycan) kiçik və orta biznesə dəstək olmaq məqsədi ilə vauçer yolu ilə izolyasiyada olan insanlar üçün mal və xidmətləri öncədən ödəmə və endirimlə alış-veriş imkanının yaradılması layihəsini hazırlamışdır.

Komanda - 7 “Robot Nurse” (Türkiyə) tibb bacılarına dərmanların paylanmasında və qan təzyiqini, hərarəti, eləcə də oksigen səviyyələrini ölçmək kimi rutin işlərdə kömək edəcək mobil robot üzərində çalışmışdır.

Komanda - 8 “Kids Mask” (Böyük Britaniya) uşaqlar üçün təkrar istifadə və 3D printerdə çap olunma imkanlarına malik N95 maskaları hazırlamaq üçün işə başlamışdır.
Komanda - 9 “Khalmax Robotics” (Hindistan) ultrabənövşəyi şüaların ofis və evlərin dezinfeksiyası üçün lampa formasında istifadəsi üzrə test ideyasına yönəlmişdir.

Komanda - 10 “X-RAY” (Yunanıstan) koronavirusu sinə X-şüaları skanı vasitəsilə müəyyən edən tətbiq hazırlamışdır.

Komanda - 11 “Crisis Heroes” (Polşa) pandemiya zamanı insanları və təşkilatları bir-birinə kömək etməsi üçün əlaqələndirən virtual platforma təqdim etmişdir.

Komanda - 12 “Nanomed” (Türkiyə) koronavirusun diaqnozu və müalicəsi üçün istifadə oluna biləcək mobil biosensor hazırlamaq üçün çalışmışdır.

Komanda - 13 “Waternizer” (Ukrayna) suyu sürətlə dezinfeksiya vasitəsinə çevirəcək və cibə yerləşəcək qurğular hazırlamağa yönəlmişdir.

Komanda - 14 “DataCovid” (Braziliya) ictimai səhiyyə ilə bağlı müəyyən xidmətlər üzrə cari vəziyyət barədə insanları xəbərdar etmək məqsədi daşıyan qurğu hazırlamışdır.

Komanda - 15 “HelpAround” (Azərbaycan) diaqnostika texnologiyalarını sürətləndirməyə yardım edəcək proqram üzərində çalışmışdır.

Komanda - 16 “DonorUA” (Ukrayna) qan donorlarına evlərindən yerli qan banklarına pulsuz taksi sifariş etmək imkanı verən texnoloji xidmət hazırlamışdır.

Komanda - 17 “Covid-Bot” (Niderland) istifadəçilərin “COVID-19” ilə bağlı suallarının etibarlı və sadə şəkildə cavablandırılmasını təmin etmək üçün çatbot üzərində çalışmışdır.

Komanda - 18 “VoiceMed” (Estoniya) sadəcə telefon mikrofonundan istifadə edərək şəxsin səs və öskürək nümunələrini qeyd etməsi ilə onların yoluxma ehtimalını yoxlamağa imkan verən, istifadəsi asan, süni intellekt əsaslı koronavirus aşkarlama vasitəsi üzərində işləmişdir.

Komanda - 19 “Octopi” (Azərbaycan) sənayedə çalışan insanların evdə qalarkən yeni bacarıqlar qazanmalarına yardım edəcək yolları araşdırmağa yönəlmişdir.

Komanda - 20 “CardioAI” (Ukrayna) insanlara öz evlərində təhlükəsiz, sərfəli və yüksək keyfiyyətli təhlili təqdim edən, beləliklə, səhiyyə xidmətlərinin işini yüngülləşdirən uzaqdan idarə edilən elektrokardioqrama monitorinqi ideyası üzərində çalışmışdır.

Komanda - 21 “E-traveling” (İsrail) insanlara evində oturaraq səyahət təcrübəsi yaşamağın yeni yolunu təklif etmişdir.

Komanda - 22 “Fight Pandemic” (Braziliya) coğrafi koordinatlar əsaslı təhlil vasitəsilə, təhlükə zamanı ictimaiyyəti xəbərdar etmək və məlumatlandırmaq, həmçinin anonim cavabları toplamaq üçün yeni yollar araşdırmışdır.

Komanda - 23 “CoronaCheck” (Türkiyə) “COVID-19” diaqnozunu sürətləndirmək üçün rentgen və kompüter tomoqrafiyası məlumatlarına əsaslanan süni intellekt modelini hazırlamağa yönəlmişdir.

Komanda - 24 “E-museums” (Şimali Makedoniya) pandemiya zamanı insanların muzeylərə onlayn ziyarəti üçün platforma hazırlamışdır.

Komanda - 25 “MusicCovid” (Nigeriya) pandemiya zamanı insanları ruhlandırmaq və həvəsləndirmək üçün əyləncəli və maarifləndirici onlayn musiqi proqramı qurmağa çalışmışdır.

Birinci yerə Polşadan olan “Crisis Heroes” layiq görülmüş, ikinci yeri Azərbaycanın “Javid-19” komandası tutmuş, üçüncü pillədə isə Braziliyanın “Zebrafish” komandası qərarlaşmışdır.
Birinci yerin qalibinə 5 min ABŞ dolları, ikinci yerin sahibinə 3 min dollar və üçüncü yeri tutana isə 2 min dollar məbləğində mükafatın bank hesabına köçürülməklə təqdim edilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, “Hackathon”a “Paşa Bank”, “Socar” AQS, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD – Ailə Biznesinə Asan Dəstək, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “AzCloud”, “AzInTelecom” MMC və Məlumat Hesablama Mərkəzi daxil olmaqla çox sayda milli tərəfdaş və sponsorlar qoşulmuşdur.

Beynəlxalq tərəfdaşlar arasında “Amazon” Veb Xidmətləri, Avropa Startup Şəbəkəsi, “Startup Grind”, “Hackquarters”, “Tekwill”, “Astana Hub”, “Fongogo”, “Silicon Valley In Your Pocket”, “Start-Ist”, “MeOut”, “Startup Weekend” kimi təşkilat və şirkətlər yer almışdır.