28 yanvar Məlumatların Mühafizəsi Günüdür

Günümüzdə bütün sahələrdə informasiya texnologiyaları geniş tətbiq olunur, proseslər avtomatlaşdırılır. Müxtəlif təyinatlı informasiya sistemlərində böyük həcmdə fərdi məlumatların toplanması və işlənməsi şəxslərin fərdi məlumatlarının mühafizəsi üçün hüquqi, texniki və təşkilati tədbirlərin görülməsini labüd edir. Fərdi məlumatların işlənilməsi zamanı meydana gələ biləcək hər hansı sui-istifadə hallarından müdafiə olunmaq məqsədilə Avropada 1981-ci  il 28 yanvar  tarixində  “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada  işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya (108 saylı konvensiya) qəbul edilib.

Azərbaycan “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiyanı 2009-cu ildə müvafiq bəyanatlarla ratifikasiya edib. 2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların tənzimlənməsi haqqında ayrıca qanun – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də fərdi məlumatların mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarına uyğun olaraq, fərdi məlumatlar toplanıldığı andan mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

Fərdi məlumatların toplanılması və işlənilməsinin hüquqi bazasının yaradılması, onun daim təkmilləşdirilməsi istiqamətində dünyanın müxtəlif ölkələrində tədbirlər görülməkdədir. 25 may 2018-ci il tarixində Avropa İttifaqının Ümumi Məlumatın Mühafizəsi Qaydaları (GDPR) qüvvəyə minib. Ölkəmizdə də beynəlxalq təcrübəni nəzərə almaqla fərdi məlumatların qorunması istiqamətində artıq hüquqi islahatlar aparılır. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə yüksək səviyyəli işçi qrupu formalaşdırılıb. İşçi qrupu tərəfindən yeni qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Dünyada bu məsələyə diqqəti artırmaq məqsədilə Avropa Şurasının təşəbbüsü ilə 2007-ci ildən etibarən 28 yanvar tarixi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Məlumatların Mühafizəsi Gününün qeyd olunmasında əsas məqsəd insanları fərdi məlumatların mühafizəsi ilə bağlı risklər, fərdi məlumatlar üzrə hüquqları və onları həyata keçirmək yolları ilə bağlı maarifləndirməkdir. Həmin gün bütün dünyada müxtəlif tədbirlər keçirilir.

Azərbaycanda da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq Məlumatların Mühafizəsi Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə maarifləndirici tədbirlər keçirilməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Aİ və Avropa Şurasının birgə icra etdiyi “CyberEast” (Şərq Tərəfdaşlığı regionunda kiberdayanıqlığın artırılması üzrə kibertəhlükəsizliyə dair fəaliyyət) layihəsi çərçivəsində Azərbaycanda “Fərdi məlumatların mühafizəsi” seminarı virtual şəkildə keçirilir. Seminarda fərdi məlumatların mühafizəsi üzrə aidiyyəti qurumların nümayəndələrinin, internet xidməti provayderlərinin, beynəlxalq ekspertlərin və digər maraqlı tərəflərin iştirakı ilə birgə məlumat mübadiləsinin aparılması, icra mexanizmlərinin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin www.cert.az rəsmi saytında fərdi məlumatlarla bağlı hüququ pozulan subyektlərin müraciətlərinin operativ qəbulu üçün “Fərdi məlumatlarla bağlı insidenti bildir” elektron müraciət forması fəaliyyət göstərir.