"Azərbaycan İnnovasiya Mükafatı"nın qalibləri məlum oldu

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı"nın qalibləri 25 dekabr tarixində “Xəzər” TV-nin efirində yayımlanan xüsusi buraxılışda elan olunub.

Ötən il 5 nominasiya üzrə müəyyən edilən qaliblər bu dəfə ümumilikdə 7 nominasiya üzrə müəyyən edilib.

“İlin startapı” nominasiyasında onlayn satış platformaları üçün həll təqdim edən “NextSale” startapı Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəfindən elan olunub.

“İlin influenseri” nominasiyasında texnologiya sahəsi üzrə tanınan bloger Tariyel Ağazadə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən təltif edilib.

“İlin innovasiya tədbiri” nominasiyasında koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən virtual hackathon “HackCov19” İnnovasiya Mükafatı Təşkilat Komitəsinin sədri İmran Bağırov tərəfindən açıqlanıb.

“İlin innovasiya layihəsi” nominasiyasında “ƏDV geri al” layihəsi “İnnoland” İnkubasiya və akselerasiya mərkəzinin direktoru Məmməd Kərim tərəfindən elan olunub.

“İlin innovasiya ekosistem təmsilçisi” “SUP.vc” Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən mükafatlandırılıb.

“COVID-19 üzrə aparıcı həll təqdimatçısı” nominasiyasında süni tənəffüs aparatı hazırlayan “SUMAKS” startapı təltif edilib.

 Jürinin sərbəst seçimi ilə müəyyən olunan “İlin innovasiya ekosistem dəstəkçisi” nominasiyasında “Paşa Holdinq” qalib olub.

Sayca 2-ci dəfə keçirilən "Azərbaycan İnnovasiya Mükafatı" 2019-cu ildə təsis olunub. “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədi ilə yaradılan mükafatlandırma proqramıdır.

"Azərbaycan İnnovasiya Mükafatı"  ictimai əsaslı mükafatdır və təşkilat komitəsi ölkədə texnologiya və innovasiyanın icrası strategiyasının öhdəliyini daşıyan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təyin olunur. Təşkilat komitəsinin öhdəliyinə jüri iştirakçılarının seçilməsi ilə prosesin şəffaf və maraqlar toqquşması olmadan idarə edilməsi aiddir.