“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində “FemTech – Qadınlar Texnologiyada” onlayn tədbiri keçirilib

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "FemTech" platformasının birgə təşkilatçılığı, “Wonder Women Azerbaijan”, “Girls Code Azerbaijan”, “Femmes Digitales” və “Wowoman Azerbaijan”ın tərəfdaşlığı ilə “FemTech – Qadınlar Texnologiyada” adlı onlayn tədbir keçirilib.

Tədbirin məqsədi qadınların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, texnologiya sahəsində fəaliyyət göstərən lider qadınlar arasında şəbəkənin yaradılması olub.

Azərbaycan, ABŞ, Türkiyə, İsveçrə, Belçika və Danimarkadan olan spikerlər, startap təsisçiləri, qadın liderlərin iştirak etdiyi tədbir 3 hissədən ibarət olub: “Qadın təsisçi ilə söhbət”, “Panel müzakirə” və “Master-klass”.

Birinci hissədə "Qadın təsisçi kimi startap ekosistemini necə inkişaf etdirmək olar?", ikinci hissədə "Qızları texnoloji karyera araşdırmasına və bu sahədə inkişafa təşviq etmək", üçüncü hissədə isə “Qadın startap təsisçiləri üçün “piçinq” üzrə master-klass” mövzuları müzakirə edilib.

Tədbir çərçivəsində startap ekosistemində gender balansını tənzimləmək və stereotipləri sındırmaq üçün yollar təklif edilib. Əsasən gənc qızlardan ibarət olan auditoriya tədbirdə aktiv iştirak edərək, onları maraqlandıran suallara cavab tapıblar.