YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib

 27 fevral 2019-cu il tarixdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin ilk iclası keçirilmişdir. İclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri  iştirak etmişdir. İclasda İFAP-ın Azərbaycan Komitəsinin sədri NRYTN-nin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxış etmişdir.  

Rəşad Əzizov İFAP proqramının ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini qeyd edərək, onun həyata keçirilməsi üzrə 2018-ci illdə görülmüş işlər və qarşıda duran tədbirlər haqqında məlumat vermişdir.  Bildirilmişdir ki, "İnformasiya hamı üçün" Proqramı (İFAP) YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramıdır. İFAP-in əsas məqsədi üzv ölkələrdə informasiyaya çıxışı təkmilləşdirməkdən ibarətdir. Ümumilikdə 59 ölkədə İFAP Milli Komitəsi fəaliyyət göstərir.

Proqram 6 prioritet sahəni - “İnformasiyaya çıxış” (“İnformation access”), “İnkişaf üçün informasiya” (İnformation for development”), “İnformasiya etikası” (“İnformation ethics”), “İnformasiya savadlılığı” (“İnformation literacy”), “İnformasiyanın qorunması”  (“İnformation preservation”), “Kiberməkanda çoxdillilik” (“Multilingualism in Cyberspace”) məsələlərini özündə birləşdirir.

Rəşad Əzizov qeyd etmişdir ki, Azərbaycanda İFAP Milli Komitəsi 2010-cu ildən fəaliyyət göstərir. 2018-ci ildən isə İFAP-ın Azərbaycan Komitəsinin NRYTN-nin tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunmuşdur. YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri tərəfindən 11 sentyabr 2018-ci il tarixində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yanında YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu il tarixində isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. İclasda Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin və onların həyata keçirilməsi üçün görüləcək işlərin müzakirəsi aparılmışdır.