YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramı

YUNESKO haqqında qısa mılumat

Müasir dövrdə dünya ölkələrinin elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığının ən böyük hökumətlərarası forumu BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO-dur.

Təşkilat öz rəsmi fəaliyyətinə 1946-cı ildə 20 üzv dövlətlə başlamışdır. Hazırda isə YUNESKO 193 ölkə və 11 assosiativ üzvdən ibarətdir.

Dünyada sülhün, ədalətli və dayanıqlı inkişafın əsaslarının möhkəmləndirilməsində YUNESKO-nun özünəməxsus rolu var. Təşkilatın proqramları 2015-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Dayanıqlı İnkişaf üçün 2030-cu il  Gündəliyi” ilə müəyyən edilmiş Dayanıqlı inkişaf məqsədlərinə nail olmağa yönəlmişdir.

Bütün üzv dövlətlərdə YUNESKO üzrə Milli Komissiyalar mövcuddur və bu komissiyalar dövlətlər tərəfindən müvafiq hökumət və qeyri-hökumət təşkilatlarının işini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün yaradılır.

YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. Baş Konfrans YUNESKO-nun ali orqanıdır. Konfransın iclasları iki ildən bir keçirilir. Əhalisinin sayından və ya büdcəyə verdiyi vəsaitin həcmindən asılı olmayaraq, hər üzv dövlət bir səsə malikdir. Baş Konfrans təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. İcraiyyə Şurası YUNESKO-nun icra orqanıdır. O, Baş Konfransın işini təşkil edir və onun qərarlarının düzgün icra olunmasına nəzarət edir. Şuranın funksiya və vəzifələri Nizamnamə ilə və Baş Konfransın qayda və direktivləri ilə müəyyən olunur. Katiblik YUNESKO-nun daimi fəaliyyət göstərən orqanıdır və Fransa Respublikasının Paris şəhərində yerləşir. YUNESKO-nun baş direktoru vəzifəsini 2017-ci ilin 15 noyabr tarixindən xanım Odre Azule (Fransa) icra edir. YUNESKO Parisdəki baş qərargahından əlavə, dünyanın müxtəlif ölkələrindəki regional büroları, institutları və mərkəzləri ilə geniş şəbəkəyə malikdir.

Azərbaycan Respublikası YUNESKO-ya 3 iyun 1992-ci il tarixində üzv qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentiin  21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmış, 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq isə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi təsis edilmişdir.

Azərbaycan YUNESKO münasibətlərinin inkişafında və genişləndirilməsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzolunmaz rolunu xüsusi  qeyd etmək lazımdır. Mehriban xanımın səmərəli fəaliyyəti nəticəsində çoxlu sayda musiqi, milli bayramlar, mədəniyyət  abidələri  YUNESKO-nun qeyri-maddi  və Dünya İrsi Siyahısına daxil edilmişdir.  Onun ölkə daxilində və ölkədən kənarda müxtəlif ölkələrdə təhsillə bağlı həyata keçirdiyi layihələr, mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə aparılan işlər  YUNESKO  tərəfindən yüksək qiymətləndirilmişdir. 

"İnformasiya hamı üçün" Proqramı

"İnformasiya hamı üçün" Proqramı YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramıdır. Proqramın əsas məqsədi YUNESKO-nun üzv ölkələrinə milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsi üzrə fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

Bu məqsədlərə nail olmaq üçün "İnformasiya hamı üçün" Proqramının aşağıda qeyd olunan 6 prioritet sahəsi müəyyən edilmişdir: 

  • “İnformasiyaya çıxış” (“İnformation accessibility”)
  • “İnkişaf üçün informasiya” (İnformation for development”)
  • “İnformasiya etikası” (“İnformation ethics”)
  • “İnformasiya savadlılığı” (“İnformation literacy”)
  • “İnformasiyanın qorunması” (“İnformation preservation”)
  • “Kiberməkanda çoxdillilik” (“Multilingualism in Cyberspace”)

Proqramın konsepsiyası, hər bir insanın onun üçün vacib olan məlumatları əldə edə biləcəyi, daha mükəmməl bir cəmiyyət qurmaq üçün bu məlumatları istifadə etmək və lazımi bacarıqlara sahib olmaq  imkanı verən bir dünyanın yaradılmasıdır.