Azərbaycan Komitəsi haqqında

“YUNESKO-nun “İnformasiya hamı üçün” (İFAP) Proqramının Azərbaycan Komitəsi

"İnformasiya hamı üçün" Proqramı YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramıdır. Proqramın əsas məqsədi YUNESKO-nun üzv ölkələrinə milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsi üzrə fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

Bu məqsədlərə nail olmaq üçün "İnformasiya hamı üçün" Proqramının aşağıda qeyd olunan 6 prioritet sahəsi müəyyən edilmişdir: 

  • “İnformasiyaya çıxış” (“İnformation access”)
  • “İnkişaf üçün informasiya” (İnformation for development”)
  • “İnformasiya etikası” (“İnformation ethics”)
  • “İnformasiya savadlılığı” (“İnformation literacy”)
  • “İnformasiyanın qorunması” (“İnformation preservation”)
  • “Kiberməkanda çoxdillilik” (“Multilingualism in Cyberspace”)

Proqramın konsepsiyası, hər bir insanın onun üçün vacib olan məlumatları əldə edə biləcəyi, daha mükəmməl bir cəmiyyət qurmaq üçün bu məlumatları istifadə etmək və lazımi bacarıqlara sahib olmaq  imkanı verən bir dünyanın yaradılmasıdır.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2010-cu ildə YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsi yaradılmış və bu istiqamətdə müəyyən işlər görülmüşdür.

2018-ci ildə isə Azərbaycan Komitəsinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul edilmişdir. YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri tərəfindən 11 sentyabr 2018-ci il tarixində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yanında YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu il tarixində isə “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.

Proqramın Azərbaycan Komitəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyinin nümayəndələrindən ibarətdir. “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsinin sədri  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizovdur.

“İnformasiya hamı üçün” Proqramının yuxarıda qeyd olunan 6 prioritet sahəsi üzrə məsələlər “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda öz əksini tapmışdır.